«BÜLBÜL SÖZÜN ƏSL MƏNASINDA DAHİ VƏ ÖLMƏZDİR. ONUN SÖNMƏZ OBRAZINI QRANİT MONUMENT KİMİ XALQ ÖZ ÜRƏYİNDƏ BÖYÜK MƏHƏBBƏTLƏ QORUYUR»

Mirzə İbrahimov,

Azərbaycanın xalq yazıçısı,

Sosialist Əməyi Qəhrəmanı

 

Bülbül professional musiqi sənətinin inkişafı tarixində bütöv bir mərhələ, geniş diapazonlu fəaliyyətə malik böyük şəxsiyyət olmuşdur. O, xalq xanəndəliyindən opera müğənnisi, vokal sənəti müəllimi və alimədək geniş yaradıcılıq yolu keçmişdir, dünya vokal sənəti təcrübəsində əvəzi olmayan fenomendir. Spesifik Şərq məktəbindən Avropa vokal məktəbinə keçmiş ilk vokalçı, Azərbaycan milli muğam oxuma sənətinin ən yaxşı üsullarını rus və Avropa vokal məktəbi ilə birləşdirərək Azərbaycanda yeni oxuma məktəbi yaratmış, Zaqafqaziya, Orta Asiya, Yaxın və Orta Şərq ölkələri xalqlarının oxuma sənətinə səmərəli təsir göstərmişdir.

Böyük müğənni 1897-ci il iyunun 27-də Azərbaycan Respublikası Dağlıq Qarabağ vilayətinin Şuşa şəhərində – Azərbaycanın bir çox görkəmli şair və musiqiçilərinin vətənində, özünəməxsus Şərq nəfəsi və orijinal ifa tərzi olan adlı-sanlı xanəndə-muğam ustalarının yurdunda doğulmuşdur. Elə burada – təbii konservatoriya olan Şuşada gənc xanəndənin formalaşması başlamışdır. Qeyri-adi qabiliyyəti, təbii, nadir və güclü səsə malik olması, xüsusi ustalıqla bülbülləri təqlid etməsi, nəfəsini dərmədən uzun müddət oxuması onun fitri istedadından xəbər verirdi. Gənclik illərində ona verilmiş Bülbül adı sonradan onun parlaq istedadını əks etdirən artistlik təxəllüsünə çevrilmişdir. Azərbaycan musiqisini – muğamları öyrənən, tanınmış Şuşa xanəndələri ilə ünsiyyətdə olan gənc sənətkar çox keçmədən Zaqafqaziya və Orta Asiyada məşhur olur.

Gənc müğənni 1920-ci ildə Ü.Hacıbəyovun «Əsli və Kərəm» muğam operasında Kərəm rolunu ifa etmək üçün Bakıya dəvət olunur. Burada o, ilk dəfə rus opera truppasının ifasında klassik opera musiqisinə qulaq asır və bu musiqi dünyasının sirlərinə yiyələnməyi, onu bütün incəliklərinə qədər öyrənməyi qərara alır.

1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına – F.Polyayevin vokal sinfinə daxil olur, sonradan təhsilini professor N.İ.Speranskinin sinfində davam etdirir. 1927-ci ildə artist ilk sovet müğənniləri sırasında təhsil almaq üçün dörd il müddətinə İtaliyaya – məşhur Milan teatrına göndərilir.

Bu illər axtarışlar və kəşflərlə dolu idi. Gərgin əmək, dünya şöhrətli italyan pedaqoqlarının dərsləri, dünya vokal sənəti ədəbiyyatının və müxtəlif oxuma metodologiyasının dərindən öyrənilməsi, görkəmli müğənnilərlə görüşlər, tamaşa və konsertlərdə çıxışları öz səmərəli nəticələrini verdi. 1931-ci ildə İtaliyanın «Arte Nostra» jurnalında dərc edilmiş «Azərbaycan Bülbülü» adlı məqalədə dünya şöhrətli maestro Raffaele Qrani yazırdı: «Bülbül müsəlman aləmindən İtaliyaya gələn ilk vokalçıdır və özünəməxsus Şərq oxumasından Avropa oxuma məktəbinə keçmişdir. Dörd il arxada qalmış, məqsədə nail olunmuşdur. Bülbül italyan oxuma məktəbi və tədris metodikasını mənimsəmişdir».

O, 1933-cü ildə vokalçıların ilk Ümumittifaq müsabiqəsində iştirak edir və müsabiqənin laureatı olur. Onun konservatoriyanın böyük zalında, İttifaqlar Evinin Sütunlu salonunda, Alimlər evində və Moskvanın bir çox konsert zallarında çıxışları paytaxt tamaşaçıları və musiqi ictimaiyyətinin dərin rəğbətinə səbəb olur.

İstedadlı müğənninin yaradıcılığını bir çox rus aktyor nəslinin ölməz müəllimi, böyük K.S.Stanislavski yüksək qiymətləndirmişdir: «Olduqca gözəl və parlaq istedadın yetkin ustalıqla birləşməsindən yaxşı, cazibədar və qüvvətli nə ola bilər?! Siz bülbül kimi oxuyursunuz, oxumaq sizin üçün həyati tələbatdır. Siz oxumaya bilməzsiniz».

Bülbül İtaliyadan Bakıya qayıtdıqdan sonra elmi şəkildə sübut edir ki, musiqi təhsili, musiqi intellektinin inkişafı, Qərbi Avropa və rus klassik musiqisinin öyrənilməsi milli vokal-ifaçılıq mədəniyyətinin inkişafına müsbət təsir göstərir. Nadir diapazona və gözəl səsə, parlaq texnikaya malik sənətkar «Riqoletto», «Traviata», «Toska» operalarının tamaşalarında əsas partiyaları oxuyur, gözəl obrazlar yaradır.

Müğənni və artistin istedadına və ifaçılıq məharətinə istinadən Azərbaycanda ilk klassik operalar – R.Qliyerin «Şahsənəm»i, M.Maqomayevin «Nərgiz»i yaranır.

Sənətkarın professional yaradıcılıq imkanları və istedadı böyük Azərbaycan bəstəkarı Ü.Hacıbəyovun məhz onun səsi və ifası üçün Azərbaycan dastanının süjeti üzrə yaratdığı «Koroğlu» epik-qəhrəmanlıq operasında özünün tam əlvanlığı ilə üzə çıxır. 1938-ci ildə Moskvada Dövlət Akademik Böyük Teatrın səhnəsində Ü.Hacıbəyovun «Koroğlu» operası tamaşaya qoyuldu. Azərbaycan opera sənətinin böyük xadimi özünün yüksək sənətkarlığı, gözəl və güclü səsi ilə əfsanəvi xalq qəhrəmanının ariyalarını ifa etdi.

SSRİ xalq artisti İrma Yaunzem yazırdı: «Bülbülün səsi məni heyran etdi. Öz diapazonu və gözəlliyinə görə bu səs nadir bir səsdir… Emosional aktyor, atəşin və səmimi Bülbül qətiyyən unudulmaz surət yaradır».

Sovet musiqi sənətinin korifeyləri N.Kozlovski, S.Lemeşev, S.Prokofyev, D.Şostakoviç, K.Stanislavski, A.Nejdanova, Ü.Hacıbəyov, R.Qliyer, M.Maqomayev və bir çox başqaları ilə yaradıcılıq əlaqələri, ünsiyyət və birgə çıxışları müğənni, artist, pedaqoq kimi Bülbülün professional ustalığını artırmış, onu dünya opera sənətinin böyük ifaçıları ilə bir sıraya çıxartmışdır. Böyük rus müğənnisi Sergey Lemeşev bu barədə belə yazmışdır: «Çox böyük istedad, inadcıl əmək sizi bütün xalqımızın tanıdığı və sevdiyi görkəmli sənətkar etmişdir».

Bülbül özünün yaradıcılığı boyu Azərbaycan bəstəkarlarının bir çox mahnı və romanslarının ifaçısı və müəlliflərindən biri olmuşdur. O, Ü.Hacıbəyovun «Sənsiz» və «Sevgili canan», A.Zeynallının «Ölkəm», Niyazinin «Arzu», F.Əmirovun «Ulduz» romanslarını, «Xumar oldum», «Kəklik», «İnnabı», «Mehribanım» və bir çox başqa xalq mahnılarını təkrarolunmaz sənətkarlıqla ifa etmişdir.

Müğənni və artist, pedaqoq və musiqişünas-alim, fədakar və novator kimi o, musiqi sənətimizdə mütərəqqi və yeni olan hər bir şeyin ehtiraslı təbliğatçısı və təşəbbüsçüsü olmuşdur. Bülbül vokal sahəsində musiqi tədrisi və elmi-tədqiqat prosesinin zirvəsinə yüksəlmiş ilk azərbaycanlı professordur. Azərbaycan vokal sənəti böyük realizm aləminə daxil olmasında, rus və Avropa vokal sənətinin nailiyyətləri əsasında inkişaf edərək və təkmilləşərək məzmunca dövrün ruhuna uyğun zənginləşməsində Bülbülün yaradıcılıq irsinə borcludur.

Böyük müğənni və pedaqoq səxavətlə öz bilik və təcrübəsini gənc müğənni kadrlarının hazırlanmasına vermiş, vokalçıların üzə çıxarılmasında fəal iştirak etmiş, vokal sənəti nəzəriyyəsi, metodiki vəsaitlər, habelə mahnı ifaçılığı üzrə xüsusi vəsaitlər işləyib hazırlamışdır.

O, Azərbaycanda ilk dəfə olaraq folklor nümunələrinin toplanılması və öyrənilməsi üzrə elmi-tədqiqat kabineti təşkil etmiş, təcrübəli xalq yaradıcılığı bilicilərini, gənc və istedadlı bəstəkarları və musiqiçiləri klassik xalq melodiyaları irsinin öyrənilməsi və onunla daimi ünsiyyətin təmin olunması məqsədilə buraya cəlb etmişdir. Məhz bunun nəticəsində bir çox Azərbaycan muğamları Azərbaycan və dünya musiqi sənətinin korifeylərindən Q.Qarayevin, F.Əmirovun, Niyazinin, R.Hacıyevin, S.Hacıbəyovun, S.Rüstəmovun, C.Cahangirovun, C.Hacıyevin, T.Quliyevin və bir çox başqalarının opera, balet, simfonik, kamera, instrumental və vokal əsərlərində, mahnı və romanslarında öz parlaq ifadəsini tapmışdır.

Azərbaycan folklorunun tədqiqi üzrə bir sıra sanballı elmi işlər Bülbülün qələminə məxsusdur, o, Azərbaycanda nəşr olunmuş ilk dünya klassikası və Azərbaycan xalq mahnıları toplularının redaktoru və tərtibatçısıdır

 

 

Telelefon: +994 (12) 493 1716
Sosial şəbəkələr:

facebook kontakt